Rəngli maşın sürmək qadağan edildi, hamı ağa keçir

12 Yanvar, 2018 14:27 | İqtisadiyyat | Baxış sayı: 409
Ağ maşınlar
Ağ maşınlar

Qadınlara da sükan arxasında oturmaq olmaz

Qadınlara sürücülük hüquq verməyən dünyanın yeganə ölkəsi Səudiyyə Ərəbistanı uzun mübarizədən sonra ötən il bu qadağanı aradan qaldırdı. Bundan sonra düşünmək olardı ki, artıq zərif cinsin münayəndələri dünyanın dörd bir yanında rahatlıqla sükan arxasına əyləşə biləcək. Amma belə olmadı. İndi də Türkmənistan sükan arxasında qadın görmək niyyətində deyil. 

"Türkmənistan xronika"nın məlumatına görə, yol polisi qadın sürücüləri saxlayır, sürücülük vəsiqələrini əllərindən alır və bildirirlər ki, bundan sonra qadınlara sükan arxasında oturmaq qadağandır. Onlar heç bir rəsmi əmr, sərəncam, izahat göstərmirlər. 

Son iki həftə ərzində sürücülük vəsiqəsi olan qadınlara zənglər də daxil olur, özlərini sahə müvəkkili kimi təqdim edən şəxslər onları sorğu-sual edir, vəsiqəni nə zaman almaları, necə dəfə imtahana daxil olmaları, maşını hansı yolla almaları, ona hansı pulla qulluq etmələri barədə maraqlanırlar. Qadınlara son beş ildə sürücülük vəsiqəsi alanların yenidən imtahan verməli olduqları deyilir. 

Keçmiş sovet ölkəsindəki qəribə qadağa bununla bitmir. Artıq burada rəngli maşın sürmək də əməlli-başlı problemdir. İlin əvvəlindən qeyri-rəsmi şəkildə yol polisi rəngli avtomobillərin istismarını qadağan etməyə başlayıb. Nəşrin yazdığına görə, polis ağdan başqa - yəni qırmızı, qara, göy, yaşıl və s rənglərdə olan maşınları heç bir izahat vermədən cərimə meydançasına salır. Rəngli maşın sahiblərinə isə nəqliyyat vasitələrini ya yenidən rəngləmək, ya da ondan istifadədən ümumiyyətlə imtina etmək göstərişi verilir. 

Qeyri-rəsmi məlumata görə, ölkə prezidenti Qurbanqulu Berdimuhəmmədovun ən çox sevdiyi rəng ağdır. O, inanır ki, bu rəng ona da, ölkəsinə də uğur gətirə bilər.