Bakının altında gizli qalmış 1 trilyon dollar

12 Yanvar, 2017 09:33 | İqtisadiyyat | Baxış sayı: 2451
Qızıl külçələr
Qızıl külçələr

Yerli neftçilər Azərbaycanın yataqlarındakı mövcud geoloji ehtiyatların yalnız 25 faizini çıxara bilirlər. BP isə “Azəri-Çıraq-Günəşli”də bu göstəricini 50 faizə qaldıra bilib.

Bu baradə İstiPress-ə müsahibəsində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

“Neft gil laylarının arasındakı boşluqlara yığılır. Yataqda ilk quyu qazılarkən ilk vaxtlar neft fontanla özü yuxarı çıxır. Daha sonra neft oradan çıxarmaq üçün əlavə texniki quyular qazılır, layalara su və ya qaz vurulur ki, neft üzə çıxsın. Yataqdakı geoloji ehtiyatlar şirkətin istifadə etdiyi texnologiyanın səviyyəsinə uyğun olaraq çıxarıla bilir. Məsələn, Dövlət Neft Şirkəti hazırda yataqlardan mövcud ehtiyatın 25 faizini çıxara bilir. BP isə Azərbaycana gələndə ehtiyatların 40 faizini çıxara bilirdi. Hazırda bu, 50 faizə qalxıb. Qərb neft şirkətlərinin uğuru maili qazma texnologiyasının tətbiqi ilə bağlıdır. Yəni yataqlardan daha çox neft çıxarmaq üçün daha yüksək texnoloji avadanlıqlardan istifadə edilir”,- deyə İlham Şaban vurğulayıb.

"İndiki qiymətlərlə Bakının quru yataqlarında təxminən 1 trilyon dollarlıq neftin qaldığını ehtimal etmək mümkündür".

Bu hesabla yanaşılsa, Azərbaycanın quru yataqlarında təxminən 3 milyard ton neftin qaldığını ehtimal eləmək olar. İndiyə kimi Azərbaycan quru yataqlarından 1 milyard tona yaxın neft əldə edib. Quru yataqları üzrə ən gərgin hasilat dövrü 1940-cı illərdə baş verib. 1938-ci ildə Azərbaycanın quru yataqlarında 22 milyon ton neft çıxarılıb. Sonrakı illərdə azalma baş verib və 2015-ci ildə bu, 1,6 milyon tondan az olub.

Beləliklə, Azərbaycanın quru yataqlarında təxminən 3 milyard ton neftin qaldığını ehtimal etmək mümkündür. Neftin barrelini orta hesabla 50 dollardan hesabladıqda, indiki qiymətlərlə Bakının quru yataqlarında təxminən 1 trilyon dollarlıq neftin qaldığını ehtimal etmək mümkündür. Nəzəri cəhətdən, bu nefti çıxarmaq mümkündür və indi perspektivsiz sayılan quru yataqları Azərbaycan iqtisadiyatına hər il milyard dollarla ölçülən gəlirlər gətirə bilər. Bu yaxınlarda BP şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi üzrə müqavilənin daha 30 il uzadıması da bu ümidləri gücləndirir.  

Mənbə: Dövlət Statistika Komitəsi
Mənbə: Dövlət Statistika Komitəsi

İlham Şaban bu yataqların işlənməsinin perspektivini ABŞ-ın şist yataqlarının taleyi ilə müqayisə edir: “Neftin qiyməti 100 dollardan yuxarı olmalıdır ki, bu yataqlara sərmayə cəlb etmək mümkün olsun. Bu baxımdan ABŞ-ın şist yataqları 2009-2014-cü illərdə böyük sərmayələr cəlb edə bildilər.

Bunun nəticəsində çıxarılan neftin maya dəyəri də barrel üzrə 40-45 dollara qədər aşağı salındı. Neftin indiki qiymətlərin də belə həmin yataqları işlətmək rentabellidir. Çünki yuxarı qiymətləri şəraitində yatırılmış sərmayələr artıq götürülüb. İndi 3-4 dollar istismar xərci olur, qalan pul gəlir kimi qalır. Hələ ki, yaxın illərdə neftin qiyməti elə də baha proqnozlaşdırılmır. Buna görə də Azərbaycanın hasilatı dayandırılmış quru yataqlarına yaxın illərdə iri sərmayələr yatırılacağını ehtimal etmək çətindir”.

İstənilən halda, bu yataqlar Azərbaycan üçün daha bir potensial imkan mənbəyidir. Hər halda, texnologiya ildən ilə inkişaf edir və bu yataqların istismar xərcləri aşağı düşür, yəni yataqların rentabellik səviyyəsi arta bilər. ABŞ-da şist neftinin barrelinin maya dəyəri artıq bəzi ştatlarda 30 dollara düşüb və bu, Azərbaycanın indi hasilatı aşağ düşmüş yataqlarınının yenidən dövriyyəyə qayıdacağı günü daha da yaxınlaşdırır. 

Çingiz RÜSTƏMOV / İstiPress