Azərbaycanda dollar qıtlığı bitdi

12 Yanvar, 2017 14:10 | İqtisadiyyat | Baxış sayı: 510
Dollar
Dollar

Mərkəzi Bank (AMB) xarici valyuta mübadiləsində 4%-lik marjanı ləğv eləmək barədə qərarı ilk öncə Azərbaycanda qara valyuta bazarını ləğv edəcək.

Bu barədə İstiPress-ə iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, 4%-lik marja bankları xarici valyutanı öz meydançalarından kənarda satmağa məcbur edirdi:

“Əvvəl belə idi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnəni müəyyən edirdi, banklar alış-satış qiymətini bu məzənnənin 4%-dən artıq müəyyən edə bilməzdilər. Bu, isə banklar üçün əlverişli deyildi. Buna görə də əllərində olan dolları qara bazara yönəldirdilər. Amma indi vəziyyət dəyişib və banklar istənilən qiyməti qoya biləcəklər. Nəzəri cəhətdən məzənnəni tələb-təklif müəyyən edəcək”.

"İndi, nəzəri cəhətdən, məzənnəni tələb-təklif müəyyən edəcək”.

AMB bu gün  kommersiya banklarına məktub göndərərək bildirib: “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən 4% yüksək və ya aşağı həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunur”.

Məktub ölkə mediası tərəfindən manatın üzən məzənnəyə tam keçidi kimi dəyərləndirilib. Banklar isə qərara reaksiya verərək, bu gün dolları 1 qəpik qaldırıblar və məzənnə 1 manat 78,67 qəpiyə qalxıb.

Amma  Samir Əliyev bunun tam üzən məzənnə olmadığını vurğulayıb: “Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə qarşısında 4,2 milyard dollar səviyyəsində öhdəliyi müəyyən edilib. Bu pulun bir qismi nağdsız ödəniş kimi xarici borcun ödənilməsinə yönəlsə də, xeyli hissəsi hərraclara yönələcək. Bu isə manatın məzənnəsinin dəstəklənməsi deməkdir. Əvvəllər bunun üçün AMB-nin strateji vəsaitləri xərclənirdi. İndi isə ARDNF-in vəsaitləri xərclənəcək”.

İstənilən halda, Azərbaycan dollar alıb-satmağın müşkül bir iş olduğu əcaib zəmanədən qurtulur. Bu, turizm cənnətinə çevrilməyi qarşısına məqsəd qoymuş ölkə üçün elə də arzu olunan deyildi. Azərbaycan vətəndaşlarının gələcək durumuna gəldikdə isə hər şey ARDNF-in kisəsindən asılı olacaq. 

Mərkəzi Bnakın məktubu
Mərkəzi Bnakın məktubu