Yağ niyə bahalaşır? - RƏSMİ

11 Oktyabr, 2017 11:04 | İqtisadiyyat | Baxış sayı: 139
Yağ
Yağ

Gömrük Komitəsinin sədri yağın sürətlə bahalaşmasından danışdı

"Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".

Bunu Azərbaycanda kərə yağının bahalaşması haqqında məsələ barədə açıqlama verən Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlrinə görə, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir. 

Bundan öncə DGK-nin yaydığı məlumatda qeyd edilib ki, Azərbaycana idxal olunan yağ məhsullarının qiymətləri ilə əlaqədar komitə tərəfindən xarici ticarətin statistikasına və mal nomenklaturasına uyğun olaraq 9 ay ərzində ümumiləşdirilərək yağ məhsullarının bütün çeşidlərinin, eləcə də idxal olunan ölkələr (Almaniya, Yeni Zelandiya və daha yaxın məsafədə yerləşən qonşu ölkələr - Rusiya, Ukrayna, Belarus və s.) nəzərə alınaraq orta statistik qiyməti və digər məlumatlar verilib. Əlavə olaraq daha detallaşdırılmış yağ məhsulları çeşidləri daxilində kərə yağına gəldikdə isə bu məhsulun cari ilin sentyabr ayı üçün orta statistik qiyməti 5,20 ABŞ dolları təşkil edir.

Nəzərə almaq lazımdır ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri, göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.

Xatırladaq ki, ölkədə satışda olan kərə yağı ən sürətlə bahalaşan məhsullardan biri hesab edilir. İstiPress xəbər verir ki, ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan “Ankor” yağının qiyməti bir neçə gün ərzində  15,2 manata yüksəlib. Bəzi yağların qiyməti 1 kq-a görə 17 manatı keçir.