“Ağdam” şərabı: nə adı bizimdir, nə də dadı

11 Avqust, 2017 15:10 | İqtisadiyyat | Baxış sayı: 193
Latviyada istehsal olunan Ağdam şərabı
Latviyada istehsal olunan Ağdam şərabı

İstehsalçı şirkətə məxsus internet səhifəsində də şərabla bağlı məlumata rast gəlmək olar

Azərbaycanın dünya şöhrətli “Ağdam” şərabı artıq Latviyada istehsal olunur. Ucuz olmaqla yanaşı, həm də insanı tez sərxoş edən bu brendi bütün SSRİ-də, xüsusən də, Rusiyada çox sevirdilər. Hazırda isə bu Azərbaycan brendinin şöhrətindən Latviya istehsalçıları faydalanır.

İstiPress Virtualaz.org saytına istinadən xəbər verir ki, istehsalçı şirkətə məxsus internet səhifəsində də şərabla bağlı məlumata rast gəlmək olar. Məlumatda qeyd olunur ki, gözəl qoxusuna və dadına görə fərqlənən bu şərabın tərkibində 18, 19, 21% alkohol olan növləri var.

Bəs yerli brendimizin Latviyada istehsal olunması nə qədər qanunidir?

"Ağdam" şərabı
"Ağdam" şərabı

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əgər Azərbaycan müstəqillik qazandıqdan sonra bu məhsulun loqosu qanuniləşdirilibsə, eyni adda şərabı heç bir ölkə istehsal edə bilməz:

“Əgər Azərbaycan istiqlaliyyət qazanandan sonra Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu məhsulun loqosu patentləşdirilibsə, başqa ölkədə belə bir məhsulun istehsalı mümkün deyil. O zaman həmin istehsalçı Beynəlxalq Arbitraj Məhkəməsi qarşısında cavab verməlidir. Həmin məhsulu Azərbaycanda patentləşdirən fiziki və hüquqi şəxs AİB-ə müraciət etsin və biz təmənnasız olaraq ona yadım göstərməyə hazırıq. Bununla həmin məhsulun başqa ölkədə istehsalını dayandıra bilərik”, - deyə E.Hüseynov bildirib.

Problemdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də xəbərdardırlar. Komitədən virtualaz.org-a bu problemin onlara aid olmadığını bildiriblər. Həmçinin qeyd ediblər ki, bu məhsul Azərbaycanda 2007-ci ildə patentləşdirilib.

Latviyada istehsal olunan "Ağdam" şərabı
Latviyada istehsal olunan "Ağdam" şərabı

Problemlə bağlı İqtisadiyyat Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a məsələ ilə tanış olub cavab verəcəklərini bildirdilər.

Xatırladaq ki, bu Azərbaycan məhsullarına qarşı ilk belə hal deyil. Daha əvvəl də yerli brendlərin, maddi və mənəvi mədəniyyət nümunələrinin başqaları, o cümlədən, ermənilər tərəfindən mənimsənilməsi faktları ilə qarşılaşmışıq. Müvafiq orqanlar isə hərə öz yaxasını kənara çəkir.

Məlumat üçün qeyd edək ki, son illər Azərbaycanda dövlət səviyyəsində şərabçılığın inkişafına diqqət artırılıb, ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınır. Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilən məlumata görə, təkcə ötən il Azərbaycan xarici bazarlara ixrac olunan şərabdan 3,5 milyon ABŞ dolları gəlir əldə edib.