Mərkəzi Bankdan dollar-manat açıqlaması

11 Mart, 2020 14:00 | İqtisadiyyat | Baxış sayı: 1839
Dollar
Dollar

Baş bankir əhalini sakit olmağa çağırıb

"Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var". Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov belə deyib. 

Onun sözlərinə görə, ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur.

AMB sədri əhalini sakit olmağa çağırıb. "Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək".

O, həmçinin qeyd edib ki, süni qiymət artımına yol verən, bu vəziyyətdən sui-istifadə edən insanlar, o cümlədən valyuta möhtəkirlərinə qarşı çox ciddi tədbirlər görüləcək.