Qusara və Qəbələyə qatarla getmək olacaq

11 Yanvar, 2018 08:27 | İqtisadiyyat | Baxış sayı: 259
Dəmiryolu qatarı
Dəmiryolu qatarı

Prezident söz verdi

Azərbaycanın turizm potensialı ilə seçilən iki rayonunda dəmiryol xətləri olacaq. İstiPress-in məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev deyib. "Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.

Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin".

Prezident həmçinin qeyd edib ki, bu il iki min kilometrdən çox avtomobil yolu da çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir.