Ermənistanın Azərbaycanı vurmaq istədiyi qaz bombası

11 Yanvar, 2018 19:41 | İqtisadiyyat | Baxış sayı: 1011
Qaz bombası (termobarik silah) - MƏCAZİ
Qaz bombası (termobarik silah) - MƏCAZİ

Serj Sarkisyan İranın imkanlarından yararlanmağa çalışır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanın qaz bazarını tam nəzarətə götürməsi Ermənistanı narahat edib və İrəvan bu sahədə Azərbaycan üçün problemlər yaratmaq üzərində baş sındırır.

İstiPress-in məlumatına görə, öz qazı olmayan Ermənistan bu məsələdə İran qazından istifadə etməyə çalışır.

Azərbaycanda böyümüş ermənipərəst politoloq Stanislav Tarasov  Rusiyanın ermənipərəst analitka portalı “Regnum”da bu barədə yazdığı məqalədə Serj Sarkisyanla Həsən Ruhaninin Tehranda bu barədə müzakirələr apardığını bildirib. Sən demə, İran energetika nazirliyindən bildiriblər ki, Tehran qaz məsələsinə strateji siyasət kimi yanaşır. Bu isə erməni siyyasətçilərə İrandan təbii qazı alaraq Gürcüstan üzərindən Avropaya ötürməyə ümid yaradır. Yəni ermənilər bununla Azərbaycan və Türkiyə üçün Avropa qaz bazarında ciddi maneəçilik yaratmaq istəyirlər.

Təbii ki, vəziyyət heç də belə deyil və bunu həm İran, həm də Ermənistan rəhbərləri anlayır. İranın Avropaya və ya Gürcüstana qaz ixrac etmək niyyəti olsa, onu Azərbaycana məxsus mövcud qaz kəmərləri ilə gerçəkləşdirə bilər və ermənilərin nə vaxtsa çətin dağ şəraitində milyardlarla dollar xərcləyərək tikəcəyi kəməri gözləməz.  

Gürcüstanın işğal edilmiş əraziləri - Abxaziya (yaşıl) və Cənubi Osetiya (narıncı)
Gürcüstanın işğal edilmiş əraziləri - Abxaziya (yaşıl) və Cənubi Osetiya (narıncı)

Sadəcə, Ermənistan rəhbərliyi aralarındakı mövcud kiçik kəmərlə İrandan ucuz qaz alaraq müəyyən qədər Gürcüstana ötürməyə çalışırlar ki, bununla Tiflisi şirnikləndirsinlər. Daha sonra, onlar Gürcüstanı Abxaziya dəmir yolunu açmağa məcbur edə bilərlər. Həmin dəmir yolunun açılması Ermənistanı düşdüyü iqtisadi təcrid şəraitindən xilas edə bilər, Türkiyə və Azərbaycanın Qarabağın işğalına qarşı apardığı Ermənistanı təcrid siyasətini yumşalda bilər.    

Bu işin səhnə arxası oyunçuları sırasında Rusiya da ola bilər. Çünki Rusiya bu dəmir yolunun açılmasından bir neçə sahədə  yararlana bilər - birincisi, Gürcüstan Abxaziyanın Rusiya tərəfindən ilhaqı ilə barışmış olar. İkincisi, Rusiya üçün yeni ixrac marşurutu yaranar, üçüncüsü isə Rusiya Ermənistandakı hərbi bazasına silah-sursatı rahat yolla daşıya bilər.

Göründüyü kimi, bu məsələ təkcə Azərbaycan üçün təhlükəli olmaqla qalmır, Gürcüstanın itirəcəkləri qat-qat çoxdur. Rəsmi Bakı istər diplomatik, istərsə də iqtisadi təsir yolları ilə İrəvanın bu avantürasının qarşısını almalıdır.