Kimin maaşı 40 faiz artırıldı?

10 Avqust, 2019 11:13 | İqtisadiyyat | Baxış sayı: 2547
Azərbaycan manatı
Azərbaycan manatı

İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr açıqlandı

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Nazirlər Kabineti əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əmək haqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə  1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Nazirlər Kabinetinin qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş  məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq,  dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.