Neft ucuzlaşır - OPEC-in iclası işə yaramadı

10 Aprel, 2020 11:22 | İqtisadiyyat | Baxış sayı: 73
Neft
Neft

Azərbaycan neftinin qiyməti 25 dollara çatıb

OPEC+ ölkələri may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaltmaq barədə razılığa gəlməsinə baxmayaraq dünya bazarlarında neftin qiyməti düşüb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,36 dollar geriləyərək 31,48 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,33 dollar ucuzlaşaraq 22,76 dollar təşkil edib.

Bir neçə gün öncə 19 illik antirekordunu yeniləyən Azərbaycan neftinin qiyməti isə nisbətən bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 25,31 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.