Bakıda itən 6 milyard dollar

10 Mart, 2017 10:07 | İqtisadiyyat | Baxış sayı: 1058
Bakı, Ali Sovetin binası, 1970-ci illər
Bakı, Ali Sovetin binası, 1970-ci illər

Rəsmi dairələr məsələni pərdələməyə çalışır

"Azərbaycanda keçirilən özəlləşdirmələr saxtadır. Onlar sadəcə hansısa obyektlərin satışıdır. İşbazlar həmin müəssisələri söküb, yerində bina tikir".

İstiPress-ə bu fikri uzun illər hökumət təmsilçisi olmuş, iqtisadçı Oqtay Haqverdiyev səsləndirib. Onun fikrincə, qaydalara görə özəlləşdirmə zamanı sahibkarlar qarşısında öhdəliklər qoyulmalıdır:

"Bura müəssisənin potensialına uyğun sosial, fəaliyyətinə uyğun ekoloji və digər tələblər daxildir. Yəni bir az da sadələşdirsək, hər hansı bir fəaliyyətdə olan bir müəssisəni o halda özəlləşdirilməyə çıxarırlar ki, sahibkar orada iş yerlərini artırsın, müəssisənin borcları varsa ödəməsi üçün ona şərait yaratsın. Bu öhdəliklər daxilində özəlləşdirilmənin aparılması səmərəli hesab etmək olar".

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac

Ekspertin fikrincə, digər bir vacib məsələ ondan ibarətdir ki, nə Vergilər, nə İqtisadiyyat Nazirliyində, nə də Əmlak Məsələləri Dövlət Komitəsində son illərdə hərraca çıxarılan və fəaliyyət göstərən müəssisələrin büdcəyə nə qədər vergi verdiyi, nə qədər işçi çalışdığı barədə məlumat yoxdur.

Oqtay Haqverdiyev hesab edir ki, bu özəlləşdirmə adı ilə satışa çıxarılan müəssisələrdən dövlətə heç bir xeyir yoxdur. Çünki satışa çıxarılan müəssisələrdə yeganə şərt onun bir neçə il müddətinə təyinatının dəyişdirilməməsidir:

“Bilirsiniz, bu hərraclar bəzi işbazlar üçün sui-istifadəyə yol açır. Onlar həmin müəssisənin qiymətləndirilməsi zamanı ilk növbədə onun yerləşdiyi əraziyə fikir verirlər. Heç bəlkə də bir manat belə qiyməti olmayan, 50 ildir fəaliyyət göstərməyən müəssisə qiymətləndirilmədən satışa çıxarılır, sahibkar isə onu alıb, bir neçə il gözlədikdən sonra orada hündürmərtəbəli bina tikərək satmaqla pul qazanır. Bu fəaliyyətin isə ölkə iqtisadiyyatına xeyiri yoxdur”.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri deyir ki, bəzən hətta xəbərlərdə filan sayda obyekt özəlləşdirilməsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir, yanlış rəy yaradır.

“Bir də görürsən məlumat yayılır ki, neçəsə sayda obyekt özəlləşdirildi. Halbuki hansısa dövlət şirkətinə məxsus avtomobil satılıb, bu isə sayı artırmaq üçündür. Və üstəlik də bu hərraclardan dövlət büdcəsinə daxil olan vəsaitlər barədə ictimaiyyətə məlumat verilmir. Ancaq investisiya müsabiqələri ilə  özəlləşdirmədə səhmdar cəmiyyətlərin səhmlərinin 30 faizi işçilərin olduğu üçün işçinin hüquqları qorunur”.

İqtisadçı Oqtay Haqverdiyev
İqtisadçı Oqtay Haqverdiyev

Hazırda özəlləşdirmə siyasətini Əmlak Məsələləri Dövlət Komitəsi icra edir. Komitədən bildirilir ki, ötən ilin sentyabrından indiyədək 20-dən artıq hərrac keçirilib və 1700-ə qədər obyekt özəlləşdirilib. İnvestisiya müsabiqələri ilə  özəlləşdirmə çərçivəsində 100-dən artlq müəssisəyə  müstəqillikdən bu günə qədər 1 mlrd dollara yaxın sərmayə yatırılıb. Vergilər Nazirliyində bu hərraclardan daxil olan vəsaitlərin təsnifatı aparılmır. 

Qeyd edək ki, vaxtilə ekspertlər Azərbaycanın özəlləşdirilməyə çıxarılan iri sənaye müəssisələrinin dəyərini təqribən 7 milyard dollar qiymətləndirirdilər. Həmin məblğdən yalnız 1 milyardı dəyər qazana bilib. Belə çıxır ki, qalan milyardlar isə Bakı küləyi ilə sovrulub.

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac