Pensiyalar nə qədər artacaq? - RƏSMİ

10 Fevral, 2018 11:10 | İqtisadiyyat | Baxış sayı: 1233
Pensiya
Pensiya

Nazir gözlənilən artımın məbləğini açıqladı

"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək". İstiPress-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir prezidentin pensiyalarla bağlı sərəncamından sonra artımın nə qədər olacağını da açıqlayıb. 

“Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”. 

Onun sözlərinə görə, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq. “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”. 

01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq.