Azərbaycanda analoqu olmayan yol

10 Fevral, 2018 18:47 | İqtisadiyyat | Baxış sayı: 899
Yol tikintisi
Yol tikintisi

Abad kənd yolundan bilinər deyiblər. Hər hansı yaşayış məntəqəsinin nə dərəcədə abad olması elə yolundan bilinər. Hansı dərəcəsindən asılı olmayaraq abad yol insan rahatlığı üçün əsasdır. Müqəddiməni belə başlamağım səbəbsiz deyil. Gəndab-Xaçmaz-Yalama yolunun Xaçmazdan Xudat şəhərinədək olan hissəsi bərpa olunur.Özü də necə?

Yeni yolun çəkilişi çəkildiyi vaxtdan bu yoldan istifadə edən sakinlərin, nəqliyyat vasitələri sürücülərinin çox ürəyincədir. Birinci dəfədir ki, yeni yolun inşasında bu qədər müsbət sözlər eşidirdim. Çoxlu zənglər gəldi mənə ki, Xudatda yaxşı yol çəkilir, indiyədək Azərbaycanda belə bir yol çəkilməyib.

"O qədər dəqiq işləyrlər ki...Yolun asfaltlanması ən yüksək səviyyədə aparılır, həm israfçığa yol vermirlər, həm də səhər tezdən axşamadək növbəlilik əsasında iş gedir. Mən indiyədək nəinki Xaçmazda, hətta paytaxtda belə bu cür asfalt döşənib yol çəkilməsini görməmişəm".

Həmkarım, həmişə gördüyü ağa ağ, qaraya qara deməyi sevən Müqəddəs Mehdiyevin bu sözlərini və digər zəng edənlərin fikrini yerində biz də müşahidə etdik. Asfalt üçün hazırlanmış yolda köhnə asfalt örtüyü tam qopardılır, yeri tam süpürülür və yeni asfalt döşənir.

Müşahidələrimiz zamanı prosesə 37 müxtəlif texnikanın cəlb olunduğunu gördük. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflidən öyrəndik ki, prezidentin tapşırığına əsasən respublikanın bir çox yollarında yenidənqurma və tikinti işlərinə start verilib. Bura M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, respublika əhəmiyyətli Gəndab-Xaçmaz-Yalama avtomobil yolunun bir hissəsi və 1 kəndarası avtomobil yolu daxildir. Bu yolların yenidənqurulmas həm vətəndaşların rahatlığını təmin edəcək, həm də sənayenin, kənd təsərrüfatının,turizmin inkişafına təkan verəcək. Gəndab -Xaçmaz-Yalama yolunun 24 km-lik Xaçmaz-Xudat hissəsi uzun illər idi ki, bərbad vəziyyətdə idi, yolun hərəkət hissəsində çökmələr,sürüşmə xarakterli deformasiyalar yaranmışdı, yolun əsaslı şəkildə bərpası vacib idi. Hazırda bu yol 3-cü texniki dərəcəyə uyğun bərpa edilir.

Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir. Yolun hərəkət hissəsi hazır olan yerlərdə artıq asfaltlanma işlərinə start verilib, 180 min kv.m sahəyə 3 layın asfalt döşənməsi işləri həyata keçiriləcək.

İctimai rəyin müsbət olduğu bu yoldan təsadüfən danışmadıq. Çox uzaq olmayan keçmişdə istifadəyə verilən Bakı-Quba-Rusiya yolunun Şabran, Siyəzən, Xızı rayonlarından keçən hissəsində beton yolu xatırladıram. Beton yol indi yaman günə düşüb, uçub dağılmış iri çala-çuxurların üstü asfaltlanıb və bir neçə dəfə də yenidən təmir edilib. Arzumuz budur ki,kaş bu yol da vaxtilə indi inşa edilən Xaçmaz-Xudat yolu kimi inşa edilərdi.....

Külli miqdarda dövlət vəsaiti hesabına başa gələn bu yola əslində 30 il qarantiya verilmişdi, amma heç-5-10 il keçməmiş bu yol bərbad vəziyyətə düşdü. Bu yoldan istifadə edən sürücülər və vətəndaşlar bu yolun keyfiyyətsiz inşa edildiyini yaxşı bilirlər. Bir vətəndaş kimi ümid edirik ki, Azərbaycanda çəkilən bütün yollar uzunömürlü olsun, hansı ki, barəsində danışdığımız Xaçmaz -Xudat yolu belə olacaq.

Aytəkin Alxaslı