Azərbaycanda helikopterlərin təmiri mərkəzinin təməli qoyuldu

09 Dekabr, 2019 17:07 | İqtisadiyyat | Baxış sayı: 77
Helikopter servis mərkəzinin təməlqoyması
Helikopter servis mərkəzinin təməlqoyması

Layihə “Rusiya Vertolyotları” ilə birlikdə həyata keçiriləcək

“Zabrat” aeroportunun ərazisində helikopterlərin əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib. Yeni helikopterlərin əsaslı təmiri və servisi mərkəzi mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.

Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterlərin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.