Azərbaycanda Ermənistan istehsalı olan spirtli içkilər tutulub

09 Oktyabr, 2018 16:57 | İqtisadiyyat | Baxış sayı: 99

Bu gün Sumqayıtda Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Virtualaz.org xəbər verir ki, ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarişiq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib.

Məhv edilən mallar 2016-18-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr spirtli içkilər də olub.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.