Artıq pensiyaçıları aldatmayacaqlar - “DOST” mərkəzləri yaradılır

09 Avqust, 2018 19:59 | İqtisadiyyat | Baxış sayı: 285
Pensiya
Pensiya

Prezident İlham Əliyev sərəncam verdi

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

İstiPress-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.

Həmçini  Prezident İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.

Fərmanda əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən “DOST” mərkəzlərinin yaradılması müəyyən edilib.

“DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri, eləcə də vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla həyata keçirilməsi, əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulub.

Fərmanda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, qurumun nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və onların göstərilmə qaydasının, həmçinin DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsinə dair təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan başqa, fərmandan irəli gələn digər məsələlərlə bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də bir sıra tapşırıqlar verilib.