Rayon üçün ən vacib tədbir

09 İyun, 2019 12:22 | İqtisadiyyat | Baxış sayı: 144

Qubada kənd təsərrüfatı texnikaları yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi və Quba icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubada kənd təsərrüfatı texnikaları yarmarkası keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, yarmarkalarda Quba ilə yanaşı, şimal bölgəsi rayonlarının fermerləri, kənd təsərrüfatı üzrə rəsmilər, iş adamları və mütəxəssislər iştirak edib.

Tədbirin rəsmi hissəsində çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev belə bir mötəbər kənd təsərrüfatı tədbirinin Qubada keçirilməsini təsadüfi saymayıb. Onun sözlərinə görə, iri meyvəçilik və kənd təsərrüfatı rayonu olan Qubada kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi üçün elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması məqsədilə məhz Qubada pilot layihə həyata keçirilir və 9 mindən artıq torpaq mülkiyyətçisi artıq qeydiyyatdan keçib.

İcra başçısı Ziyəddin Əliyev çıxışında bildirib ki, iki gün davam edəcək yarmarlka-sərgidə 30-dək  texnika təchizatçısı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini təsərrüfat rəhbərlərinə, fermerlərə təqdim edəcək: "Texnikaların yarmarkalarının rayonda keçirilməsində elə məqsəd də budur ki, mərkəzdə texnika təchizatçılarının bazasına gedə bilməyən fermer yaşadığı regionda  texnikanın satış qaydası və şərtlərilə yaxından tanış olsun."

Respublika Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Vəliyev çıxışında qeyd edib ki, yarmarkada fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq ənənəvi ehtiyac duyulan kombayn, traktor, müxtəlif tip qoşqu avadanlıqları  ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir.

Sonra rəsmilər fermerlərlə birgə texnikalara baxış keçirib. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə tüxnikaların sərgi yarmarkasını mayın 20-dən keçirməyə başlayıb. Şəmkir, Bərdə, Ucar və Şəkidən sonra Quba fermerlərlə rəsmiləri görüşdürən 5-ci rayondur. Kənd təsərrüfatı texnikalarının növbəti sərgi -yarmarkası iyunun 11-12-də Lənkəranda keçiriləcək.