Dağ çayının uçurduğu iki körpü beton analoqu ilə yenilənəcək

09 May, 2020 09:35 | İqtisadiyyat | Baxış sayı: 125

Tezliklə rayon yol istismarı idarəsinə vəsait ayrılacaq

Qubanın Xanəgah kəndində İntensiv yağan  yağışdan sonra gələn güclü selin dağıtdığı 2 körpü beton körpü ilə əvəzlənəcək.

İstiPress-in şimal bürosuna bu barədə Quba İH başçısı Ziyəddin Əliyev məlumat verib. Bu gün Xanəgah kəndində olduğunu deyən rayon rəhbəri sakinlərlə görüşdüyünü,onlara problemin qısa vaxt ərzində həll olunacağını söylədiyini deyib.

Onun məlumatına görə, indi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla danışıb: "Saleh müəllim söylədi ki, sakinlərin narahatlığına səbəb olan həmin iki körpü  tezliklə beton körpülərlə yenilənəcək. Yağış və sel dayanan, çayda suyun səviyyəsi enən kimi bərpa işlərinə başlanılacaq. Tezliklə rayon yol istismarı idarəsinə vəsait ayrılacaq. Hava şəraitinə uyğun olaraq işlər sürətlə aparılacaq".

Ziyəddin Əliyevin sözlərinə görə  suyun səviyyəsi enənə qədər Xanəgah kəndinə yenə texnika göndərilib. Selin dağıtdığı körpülər nəticəsində kəndin o tayda qalmış sakinlərinə lazımi ərzaq yardım edilməsi tapşırılıb.

Qeyd edək ki, Xanəgah kəndində vaxtilə-29 il əvvəl 3 məktəbli uşağı aparmış Cağacuq cayı üzərində qurulmuş iki körpü keçən ilin noyabr ayında rayonun daxili imkanları hesabına yenilənmişdi. Gələn güclü sel indi körpünün birini dağıdıb, birini də dağıtmaq üzrədir. Sel dünən axşam saatlarında yenidən müşahidə olunub.