Ərdoğan Putinlə boruları açdı

09 Yanvar, 2020 08:24 | İqtisadiyyat | Baxış sayı: 53
“Türk axını”
“Türk axını”

"Bölgəmizin qan və gözyaşında boğulmasına icazə verməyəcəyik"

Ötən gün İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Layihənin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş Naziri Boyko Borisov və bir sıra ölkələrin dövlət nümayəndələri iştirak ediblər.

Rusiya Prezidenti V.Putin açılış mərasimində iştirak edən hər kəsin yalnız Rusiya və Türkiyə üçün deyil, Avropa üçün də mühüm hadisənin şahidi olduğunu bildirib. “Hazırda Rusiya təbii qazı yeni marşrutla Türkiyəyə nəql olunacaq. Bu yol yalnız iki ölkənin iqtisadiyyatına deyil, digər dövlətlərə də öz müsbət təsirini göstərəcək”. V.Putin bölgədə baş verən qarşıdurmalara baxmayaraq, Türkiyə-Rusiya münasibətlərinin dünya üçün nümunə olduğunu vurğulayıb.

Ərdoğan da Türkiyə-Rusiya əməkdaşlığının ən mühüm nümunələrindən biri olan “Türk axını”nı tarixi hadisə adlandırıb. Bildirib ki, layihə qrafikə uyğun tamamlanıb. Türkiyə Prezidenti bu layihə sayəsində 15 milyon ailənin təbii qazla təmin olunacağını deyib.

“Bundan bir ay əvvəl bölgəmizin ən strateji xətlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin ipək yolu” adlandırılan TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq. Qarşıdakı illərdə TANAP-ın ötürmə gücünün əvvəlcə 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq”.

Ərdoğan bölgədəki gərgin vəziyyətdən də danışıb. O, deyib ki, bütün tərəflərlə danışıqlar apara bilən bir ölkə olaraq diplomatiya  çoxyönlü şəkildə davam etdiriləcək. "Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və gözyaşında boğulmasına icazə verməyəcəyik. Bu müddətdə də dəyərli dostum Putin ilə daima dialoq və məsləhətləşmə vəziyyətində olacağıq". 

Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axını” xüsusilə Avropanın cənubunda yerləşən ölkələr üçün vacib layihədir. Bu layihə ilə birgə Rusiyanın təbii qazı ilk dəfə olaraq Türkiyə üzərindən keçərək Avropaya çatdırılacaq.