Prezident RO-RO terminalını açdı YENİLƏNİB, FOTO

09 Yanvar, 2018 11:13 | İqtisadiyyat | Baxış sayı: 310
Terminal açılışı
Terminal açılışı

Terminal Ələtdə açılıb

Azərbaycan prezidenti İlham Əliyev açılış edib. Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib. O, kompleksdə görülən işlərlə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev terminalın açılışını edib.

Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verildi. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir.

Prezident İlham Əliyev inşaat ərazisini gəzib, işlərin gedişi ilə yaxından tanış olub.

Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qurğuları tikilib.