Nefti bahalaşdıracaq qərar

08 Dekabr, 2018 08:57 | İqtisadiyyat | Baxış sayı: 123
Neft
Neft

OPEK ölkələri neft hasilatını 1,2 milyon barel azaldır

Neft hasilatı azaldılır. OPEK və OPEK+ üzrə neft hasilatı gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə azaldılıb. Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə bu barədə qərar qəbul edilib. Toplantıda neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub.

Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldacaqlar. Bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.

Dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması sazişinə qoşulub. Energetika nazirliyindən verilən məlumata görə, oktyabr ayında Azərbaycanaın gündəlik neft hasilatı 783 min barel olub. İndi isə ölkəmiz hasilatı təxminən 20 min barel azaldacaq. 

"Qara qızıl"ın bir neçə ay öncə 80 dollara kimi qalxan qiyməti son zamanlarda kəskin düşmüşdü. Dünya birjalarında neft 59 dollardan təklif edilirdi.