Bakı sakinlərini qorxudan su sayğacları

08 Dekabr, 2017 19:55 | İqtisadiyyat | Baxış sayı: 777
Mexaniki sayğacın göstəricisini görmək üçün xüsusi texnika lazımdır
Mexaniki sayğacın göstəricisini görmək üçün xüsusi texnika lazımdır

Paytaxtda yeni problem

Bakının Zərifə Əliyeva küçəsinin sakinləri qorxurlar ki, mənzilləridə quraşdırılmış smart kartlı su sayğaclarını ləğv edib, köhnə mexaniki sayğaclarla əvəz edəcəklər.

İstiPress-ə müraciət edən sakinlər artıq bəzi mənzillərdə bunun baş verdiyini bildirirlər.

"Smart  kartlı su sayğaclarından istifadə çox rahatdır. Bəri başdan lazım olan qədər yükləyirsən və ay ərzində rahat işlədirsən. Mexaniki sayğaclarda isə problem uzun çəkir. Hansısa nəzarətçi ayda bir dəfə gəlir, yazıb-pozur, qəbz verir. Sonra mütləq poçta getməlisən, orada növbəyə durmalısan. Adamın bəzən yarım günü buna sərf olunur, əsəbləri gedir”,- deyə küçə sakinləri vurğulayırlar. 

Zərifə Əliyeva küçəsində mexaniki ilə əvəz edilmiş smart kartlı sayğaclar
Zərifə Əliyeva küçəsində mexaniki ilə əvəz edilmiş smart kartlı sayğaclar

Camaatın dediyinə görə, sakinlərin smartların əvəz edildiyi sayğaclardan çox narazıdırlar: “Deyirlər, bilmirik nəzarətçilər düz yazıb, yoxsa yalan. Smartların yerinə yeni qoyulan sayğaclar da narahatdır, yüksəkdir və sadə vətəndaş göstəriciləri oxuya bilmir, şriftlər kiçikdir”.

Zərifə Əliyeva küçəsinin sakinləri həm də deyirlər ki, bəs, ölkədə bütün smart kartlı su sayğacları ləğv ediləcək və yerinə mexaniki sayğaclar qoyulacaq.  İddia edirlər ki, bunu “Azərsu” ASC-nin smart kartlı sayğacları mexaniki sayğaclarla əvəzləmiş əməkdaşları deyib. 

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı  İstiPress-ə müsahibəsində bütün bu deyilənlər əsassız olduğunu bildirir: “Ölkədə heç bir smart kartlı sayğacın mexaniki sağyğacla əvəzlənməsi nəzərdə tutulmur.  Bizim 1,4 milyon abunəçimiz var və bunun bunun təxminən 75%-ində sayğac quraşdırılıb.  Yəni 1 milyondan təxminən bir az çox abunəçidə sayğac quraşdırılıb. Bunun təxminən 400 mini, yəni hardasa 38 faizi smart kartlı sayğaclardır”.

Anar Cəbrayıllı  - “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Anar Cəbrayıllı - “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

Anar Cəbrayıllının sözlərinə  görə, əhalinin hamısını sayğaca keçirmək hələ ki, nəzərdə tutulmur: “Az təminatlı ailələr üçün kartlı sayğaclar müəyən diskomfort yarada bilir. Çünki kartda pul olmayan da, su da olmur. Mexaniki sayğac belədir ki, ailə suyu işlədir, maaş olanda ödəyir. Amma biz iş yerləri üçün bu məsələdə daha qəti davranırıq, onlar mütləq kartlı sayğacdan istifadə etməlidirlər”.

“Azərsu” təmsilçisi işləyən kartlı sayğacın mexaniki sayğacla əvəz edilməsini mümkünsüz sayır: “Heç bir halda bu, mümkün deyil. Sadəcə smart kartlı sayğaclar iki hissədən ibarətdir - elektron və kartlı hissələrdən. Görünür, bu halda sayğacın elektron hisəsi xarab olub, onu söküb təmirə aparıblar, amma mexaniki hissəsi işləyir və suyun hesabını aparır”.

Anar Cəbrayıllı sakinlərin bəhs etdiyi hallarla bağlı faktlar varsa, ASC-yə müraciət etməyi məsləhət görür: “Biz yerində müəyyən edib, ölçü götürəcəyik”,- deyə “Azərsu” təmsilçisi vurğulayır.