Qırx il zəmanətli bulanıq su - VİDEO

08 Avqust, 2018 17:22 | İqtisadiyyat | Baxış sayı: 267
Bulanıq su
Bulanıq su

Qusar şəhərində bir az yağış yağan kimi mənzillərə, evlərə verilən içməli su bulanıq gəlir.  Rayonun içməli  su xətti 2017-ci ildə yenidən qurulsa da, yenilənmə bir o qədər hiss olunmur.

İstiPress-in şimal bürosuna bu barədə yerli sakinlər məlumat verib. Bildirirlər ki, göyün üzünü bulud alan kimi sular bulanmağa başlayır.

Əslində Qusarda suyun bulanıq olmasını rayonun rəsmiləri də yaxşı bilir. Hətta rayon İH başçlsı Şair Alxasov İH-nın 6 aylıq hesabatında şəhərdə içməli suyun bulanıq gəlməsini Azərsu SC-nin Qusar şöbəsinin rəisi Əlyar Səfixanova irad da tutub: "Sular niyə bulanıq gəlir? Qurğularınız  yenilənib, 30-40 il zəmanət verilmişdi. Əhaliyə niyə bulanıq su verirsiniz?"

"Azərsu"ASC-nin Qusar şöbəsinin rəisi Əlyar Səfixanovdan İstiPress olaraq biz də içməli suyun niyə  bulanıq olmasının səbəbini soruşduq. Əlyar Səfixanov məlumat verdi ki, bu, son günlər yağışların çox yağmasılə əlaqədardır: "Çayda su daşaraq təzə filtrlərin üstünə düşüb və xəttə bulanıq su düşüb. Artıq problem aradan qaldırılıb".

Payız ayları yaxınlaşır. Yağışların intensiv olacağı təqdirdə suların yenidən bulanıb bulanmayacağını bilmirik. Hələlik Qusar şəhər sakinlərinin birinin videolentə aldığı bulanıq suyun görüntüsünü təqdim edirik: