Nazirlik: Ötən il 30 vəzifəli şəxs barəsində icraata başlanılıb

08 May, 2020 10:43 | İqtisadiyyat | Baxış sayı: 75
Məmurlar
Məmurlar

34 hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılıb

Ötən il ölkədə aparılan araşdırmalar zamanı 625 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib.

İstiPress-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, yol verilən inzibati xətalara görə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2 094 100 manat məbləğində cərimə tətbiq olunub ki, bu da 2018-ci ilə müqayisədə 791 650 manat çoxdur.

ASAN Xidmətin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı DƏMX-ə 45 fakt üzrə məlumat daxil olub. Bu məlumatlar əsasında 30 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilməklə 34 hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.

DƏMX tərəfindən görülən tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 178 714 manat vəsaitin, onlardan 95%-i əməkhaqqı, 3%-i sosial müavinətlər və kompensasiya, 2%-i zərərə görə ödənc olmaqla ödənilməsi təmin edilib.

Araşdırmalar aparıldığı dövrdə qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilən 88 nəfərin işəgötürənlər tərəfindən əvvəlki işlərinə bərpa edilməsi, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.