Prezident Bakıda hipermarket açdı FOTO, YENİLƏNİB

07 Noyabr, 2018 15:10 | İqtisadiyyat | Baxış sayı: 380
Prezident İlham Əliyev və Mehriban Əliyeva
Prezident İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyev xanımı və qızı ilə "Bravo"nun açılışında

Bakıda yeni hipermarketin açılışı olub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışına qatılıblar. 

Mağaza metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. 

Hipermarketdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verilib. “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

İnşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacığının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

“Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. 

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da “Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. 

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində “Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib. “Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir.