Uşaq pulu bərpa olur? - Baş Nazirin müavinindən açıqlama

07 Sentyabr, 2019 13:16 | İqtisadiyyat | Baxış sayı: 484
Uşaq pulu
Uşaq pulu

"Azərbaycanda yüksək həyat səviyyəsini təmin etmiş ailələr var"

Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin ("uşaq pulu") bərpası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. O, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğuna diqqət çəkib: "Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. 

Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var".

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq".