Azərbaycanın başı bəlalı pomidorları - FOTO

07 Sentyabr, 2017 12:44 | İqtisadiyyat | Baxış sayı: 374
Pomidor yığımı
Pomidor yığımı

Kəndli yenə problemlə üz-üzə

Şimal bölgəsinin ən çox pomidor əkilən rayonlarından olan Xaçmazda fermerlər problemlə rastlaşıblar. Onların problemi gərgin əziyyət və yüksək xərc hesabına becərdiyi pomidoru rayondakı "Qafqaz" konserv zavoduna sata bilməmələridir. Fermerlər deyir ki, tərəvəzin əla növünü bazarlara, yol kənarında satışa çıxarsalar da, texniki sort olan konservlik pomidoru bu ayın 5-dən zavoda təhvil verə bilmirlər. Onların sözlərinə görə, zavod texniki sort pomidorun bir yeşiyini 1,5 - 2 manata alırdı, bu, ucuz olsa da, məhsulun sahədə batıb xarab olmasının qarşısını alırdı. İndi pomidorun heç qəbul edilməməsi fermerləri çətin duruma salıb. Çəkilmiş xərcin müqabilində məhsulun satılmaması, tarlada məhv olması kəndlinin əl-qolunu bağlayır, həvəsini söndürür.

Xaçmazlı fermerlər deyir ki, pomidorun bazarlarda satışı da elə qənaətbəxş deyil ki, onu satıb maya dəyərini çıxardaq. Texniki sortun zavod tərəfindən alınmaması maddi vəziyyəti daha da çətinləşdirir.                        

Sözügedən problemlə qarşılaşan təkcə Xaçmaz fermerləri deyil, bölgənin Quba və Şabran rayonlarında da pomidor əkən kəndlilər texniki sort məhsullarını konserv zavoduna təhvil verə bilmirlər. Nəticədə tonlarla məhsul sahədəcə xarab olur, keyfiyyətini itirir.                        

Problemlə əlaqədar "Qafqaz" konserv zavodunun direktoru Rüstəm Rüstəmovdan mövqe aldıq. Direktor tam həcmini açıqlamasa da məlumat verdi ki, bu mövsüm kəndlilərdən kifayət qədər pomidor qəbul ediblər və bu, zavodun istehsal gücünə əsasən qəbul edilib. İstehsal planı dolduğundan daha pomidor qəbul etməyə imkanımız yoxdur. Rüstəm Rüstəmovun bildirdiyinə görə, bu mövsüm kəndlilərdən daha 2 gün artıq məhsul qəbul edilib və plan normadan da artıq dolub. Direktor dedi ki, 2 gündür yay almasının qəbuluna başlanılıb, bu məhsul da normaya uyğun qəbul olunacaq.  

Məsələyə Xaçmaz kənd təsərrüfatı idarəsindən də münasibət bildirildi. Qurumdan deyildi ki, bu il Xaçmazda 2081 hektar sahədə pomidor əkilib, indiyəcən məhsulun təxminən 70 faizi yığılıb və texniki sort pomidoru konserv zavodu həqiqətən daha qəbul etmir. Xaçmaz kənd təsərrüfatı idarəsindən o da deyildi ki, pomidorun da, gavalının satışında problemlərimiz var. Kəndli gavalının 1 kq-nı 10 qəpiyə belə sata bilmədi, pomidoru da həmçinin. Qurum bölgədə meyvə-tərəvız qəbulu məntıqələrinin sayını artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldıracaq.                        

Qaldırdığımız bu məsələ ölkəyə idxal olunan növbənöv konserv və meyvə məmulatlarının dükan-bazarlarımıza daha çox ayaq açması problemini bir daha gündəmə gətirdi. Çox güman ki, bu növ xarici istehsallı məhsullar həddindən çox ölkəmizə gətirilir ki, "Qafqaz" konserv zavodu kimi emal müəssisələrimiz ekoloji təmiz kənd təsərrüfatı məhsullarımızı normadan artıq qəbul edə bilmir.

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu