Beynəlxalq banka pul qoyanlara pis xəbər

07 İyun, 2017 08:45 | İqtisadiyyat | Baxış sayı: 617
Beynəlxalq bank
Beynəlxalq bank

Xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək

London məhkəməsi də Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin, habelə hüquqlarının xarici kreditorların iddia tələblərindən qorunması ilə bağlı müsbət qərar qəbul edib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək. Bu qərar ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesini dəstəkləyir.

"Məlum olduğu kimi, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir. Bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir". 

May ayaında ABB-nin sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Böyük Britaniyanın paytaxtı Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.

ABB-dən İstiPress-ə verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və bankın İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunmuşdu. 

Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya ediləcək 3 337 105 084 ABŞ dolları borcunun tərkibi açıqlanıb. Siyahıda bankın 18 müxtəlif kreditora 2017-2025-ci illərdə tamamlanma tarixi olan dollar və avro pul vahidlərində borcları yer alıb. Bu kreditorlar arasında ən iri olanı 1 mlrd. dollarla ARDNF, 714,964 mln. dollarla ABŞ-ın "Cargill" ərzaq şirkəti, 705 mln. dollar sindikat krediti və avrobond emissiyası ilə "Citibank", 283,967 mln. dollar sindikat krediti olan İsveçrənin "Credit Suisse AG" bankı və 250 mln. dollarla Böyük Britaniyanın "Emerald" şirkəti yer alıb. 

2017-ci ildə ABB-nin məcmu ödəyəcəyi borcun həcmi 1 290,763 mln. dollar və 28 679,4 min avro təşkil edir. Bunun 500 mln. dolları ARDNF-in bankda olan depozitləridir.