OPEC iclası neftə zərbə vurdu

07 Mart, 2020 10:38 | İqtisadiyyat | Baxış sayı: 48
Neft
Neft

"Qara qızıl" 10 faizdən çox dəyər itirdi

OPEC-in nəticəsiz iclası neftin qiymətini daha da azaltdı. İclasda razılıq əldə edilməməsindən sonra qiymətlər kəskin aşağı düşüb.

Belə ki, WTI markalı neftin qiymətində 10,17 faiz ucuzlaşma qeydə alınıb. Adıçəkilən markadan olan neft 41,23 dollara düşüb.

"Brent"in qiyməti isə 9,4 faiz azalaraq 45,29 dollara düşüb. 

Xatırladaq ki, Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşü keçirilib. Görüşdə yeni tip koronavirusun yayılması nəticəsində dünya neft bazarlarında yaranan vəziyyət və neft hasilatında ixtisarlar barədə müzakirələr aparılıb. Mətbuata verilən açıqlamalara görə, görüşdə nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyiblər.

Görüşdən öncə OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Təklifə əsasən, həmin həcmin bir milyon barreli OPEC ölkələri, yarım milyon barreli isə qeyri-OPEC ölkələri tərəfindən ixtisar edilməli idi.