Azərbaycanın qonşusundan ABŞ-a 290 xəbərdarlığı

07 Yanvar, 2020 09:42 | İqtisadiyyat | Baxış sayı: 278
Həsən Ruhani
Həsən Ruhani

Ruhani od püskürdü: "İran xalqını əsla təhdid etməyin"

İranla ABŞ arasında gərginlik davam edir. Azərbaycanın cənub qonşusu olan İran prezidenti Həsən Ruhani növbəti dəfə ABŞ liderinin hədələrinin cavabını verib. Ruhani bu dəfə Donald Trampın İranın 52 obyektini hədəfə almaları barədə dediklərini cavabsız qoymayıb.

Ruhami amerikalı həmkarı kimi bu dəfə "Twitter" səhifəsində yazıb. "52 rəqəminə işarə edənlərin 290 rəqəmimini düşünmələri daha yaxşı olar. Heç bir zaman böyük İran xalqını təhdid etməyin". 

Xatırladaq ki, bu sözlərlə R.Ruhani ABŞ Dəniz Qüvvələri tərəfindən 3 iyul 1988-ci ildə Bəndər Abbasdan Dubaya gedərkən vurulan və içərisində 290 nəfərin olduğu "IR 655" nömrəli reysi xatırladıb. İran Hava Yollarına aid "A-300" tipli "Airbus" sərnişin təyyarəsi ABŞ gəmisindən atılan raketlə vurulmuş və Hörmüz boğazına düşmüşdü. Təyyarədə 16 heyət üzvü, 66-ı uşaq olmaqla 274 sərnişin var idi. O zaman prezident olan Ronald Reyqan təyyarənin atışma zamanı və xəbərdarlıq atəşinə məhəl qoymadığı üçün səhvən vurulduğunu iddia etmişdi. 

İki ölkə arasında onsuzda gərgin olan münasibətlər ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı  “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymanini öldürməsinin ardınca daha da pisləşib. Tərəflər qarşılıqlı şəkildə bir-birini zərbələr, sanksiyalarla hədələyir. 

Donald Tramp Tehranı güclü və sürətli zərbə ilə təhdid edib. O, həmçinin qeyd edib ki, bilavasitə İranın 52 obyekti hədəflərindədir. “Qoy bu xəbərdarlıq olsun. Əgər İran amerikalılara və Amerika obyektlərinə zərbə endirərəsə biz artıq 52 İran obyektini hədəfə almışıq (İran illər öncə Tehrandakı ABŞ səfirliyində 52 amerikalını girov götürmüşdü). Bu obyektlərdən  bir çoxu İran və İran mədəniyyəti üçün çox mühümdür. Həmin obyektlərə zərbə çox sürətlə və çox güclü şəkildə endiriləcək”.