Dünyanı heyran edən məşhur Qarabağ atları FOTOLAR

06 Noyabr, 2018 09:33 | İqtisadiyyat | Baxış sayı: 134
Mehriban Əliyeva Ağdamda Qarabağ Atçılıq Kompleksində
Mehriban Əliyeva Ağdamda Qarabağ Atçılıq Kompleksində

Prezident və xanımı Ağdamda Qarabağ Atçılıq Kompleksinin açılışını etdi

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Ağdama səfəri çərcivəsində ötən gün Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər. 

Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Prezident və xanımı kompleksdə yaradılan şəraitlə tanış olublar. 

Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov məlumat verib ki, vaxtilə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Kompleksdə 28 mütəxəssis çalışır.

Daha sonra dövlət başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.