Bakıda ucuz bazar açılacaq ÜNVAN

06 Aprel, 2019 10:14 | İqtisadiyyat | Baxış sayı: 192
Təzə bazar
Təzə bazar

Alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxtda həftəsonu satış yarmarkalarının təşkili davam etdirilir.

Aprelin 6-7, 13-14, 20-21, 27-28 tarixlərində Nizami küçəsi 154 ünvanında (Landmark Biznes Mərkəzinin yaxınlığında) keçiriləcək satış yarmarkasında alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Yarmarkanın keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkada iştirakçılar xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Fermerlərin yarmarkada iştirakı tam ödənişsiz qaydada həyata keçiriləcək.

Yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək. Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir.