Dağlarda möhtəşəm layihə - FOTO

05 Dekabr, 2018 18:59 | İqtisadiyyat | Baxış sayı: 291
Quba - Qonaqkənd yolunda körpü tikintisi
Quba - Qonaqkənd yolunda körpü tikintisi

Azərbaycanda strateji cəhətdən çox əhəmiyyətli yol çəkilir

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Quba ərazisində daha bir möhtəşəm yolun çəkilişinə başlanılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba-Susay-Xınalıq yolundan sonra rayonun qədim Qonaqkənd qəsəbəsinə yeni yolun inşasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyev İstiPress-in şimal bürosuna məlumat verib ki, vaxtilə rayon mərkəzi olmuş Qonaqkənd qəsəbəsinə çəkilən yolun uzunluğu 46 km-dir.

Artıq yolun iki hissəsində iş aparılır. Rayonun Təngaltı kəndindən Rustov kəndinəcən olan hissəsinə 1-ci qat asfalt çəkilişinə başlanılıb. 2-ci qat asfalt işləri də hava şəraitinə görə aparılacaq.

Quba - Qonaqkənd yolunun 41-ci km-də - Xırt kəndindən keçən hissəsində 1 aşırımlı 28 metrlik körpünün inşası davam edir. Yolun 43-cü km-də - Babaçay üzərində 7 aşırımlı, 162 metr uzunluğu olan, Cimiçay üzərində 5 aşırımlı, 90 metrlik 2 körpünün də  tikintisi nəzərdə tutulub.

Quba-Qonaqkənd yolu strateji cəhətdən çox əhəmiyyətli yol olacaq. Bu yolun istifadəsindən sonra buradan Şamaxının Pirqulu kəndinə təxminən 36 km olan yeni yolun inşası üçün də məsələ qaldırılacaq. Bu da həmin istiqamətdən Qubaya gələn turistlərin sayının artmasına şərait yaradacaq. Üstəlik  də Təngəaltı-Afurca ərazisində turizmin inkişafı üçün real zəmin yaranacağı şəksizdir. Bu mənada yol inşaatçıları hava şəraiti imkan verdikcə işləri sürətlə aparırlar.