Mingəçevirin iflic etdiyi ən uzaq bölgə

05 İyul, 2018 19:59 | İqtisadiyyat | Baxış sayı: 359
Elektrik
Elektrik

Şimal da işıqsızdır. İstiPress-in şimal bürosunun məlumatına görə, Mingəçevir İES-də baş verən və bu günəcən fəsadları  davam edən qəza şimal rayonlarına işıq sarıdan ciddi problem yaşadıb və yaşatmaqdadır.

Artıq 3 cü gündür bölgənin enerji təsərrüfatı iflic vəziyyətdədir. Qəza baş verəndən sonra şimal rayonlarında elektriklə işləyən bütün sahələrdə durğunluq və fasilə yaranıb.

Müşahidələrimiz göstərir ki, bölgədə enerjinin qəfil kəsilməsi və 3 gündür davam etməsi ən çox içməli suyun verilişində problem yaradıb. Yaşayış məntəqələrində artezian quyularını işıqla işlədiyindən sakinlər saatlarla bu qızmar yay günlərində susuz qalıblar. Demək olar, şimal bölgəsinin Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran və Xızı rayonlarının artezianla su verilən kəndlərində problem ciddi şəkildə özünü göstərib və göstərməkdədir. Çünki problem hələ də həllini tapmayıb. Rayon mərkəzləri və strateji obyektlərə işıq verilsə də kəndlərdə sutka ərzində uzağı 10 saat işıq verilir və əsasən də gecə saatlarında. Gün ərzində isti havada həm susuz qalmaq, həm də elektriklə işləyən soyuducu, kondinsioner kimi avadanlıqların işləməməsi əhaliyə çox əziyyət verir,çətinlik yaradır.

"Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yaranmış problemin onlardan deyil, "Azərenerji"dən asılı olduğunu söylədi: "Biz istehsalçı deyilik, "Azərenerji" işığı istehsal edib verir "Azərişığ"a, biz də paylayırıq.".

Qurum rəsmisi indi şimal rayonlarına gündəlik normanın 40-50 faizi qədər enerji verildiyini,alınan işığın əvvəlcə həyat əhəmiyyətli, vacib əhəmiyyətli obyektlərə verilməsindən sonra rayon mərkəzlərinə, sonra isə kəndlərə ötürüldüyünü dedi. Onun sözlərinə görə ,yaranmış narahatçılıq aradan qaldırılandan sonra rayonlara tam şəkildə enerji verilişi bərpa olunacaq.

Qeyd edək ki, şimal bölgəsində - Qubada və Xaçmazda modul tipli elektrik stansiyaları fəaliyyət göstərir. Mingəçevir qəzasından sonra bu stansiyalarda da enerji dayanıb. Ümumiyyətlə, qəza vaxtı bölgədə xəstəxanalar, sərhəd-keçid məntəqələri və sərhəd zastavaları generatorlarla işləyib. Nəzərə alsaq ki, indi sərhəd zastavaları əsasən dağlıq ərazilərdə yerləşir, deməli, işıq burada gün ərzində təxminən 10 -12 saat olur, bu zaman da generatorlardan istifadə edilir. Görünən də odur ki, işıqsızlıqdan generatorların işləməsi dövlət büdcəsindən maliyyələşən hər quruma  heç də havayı başa gəlmir, əksinə.