Azərbaycanın ən strateji əhəmiyyətli körpüsü tikilir

04 Oktyabr, 2018 17:42 | İqtisadiyyat | Baxış sayı: 587

Eni 17,3 metr, uzunluğu 325 metr olacaq

Azərbaycan-Rusiya sərhədində istismar müddətini başa vurmuş strateji əhəmiyyətli Samur körpüsünün yenilənməsinə artıq start verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, uzun müddətdir Azərbaycan və Rusiya rəsmilərinin və 2 ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın müzakirə mövzusu olan yeni körpü tikintisi istiqamətində işlər artıq reallaşıb.

2017-ci il oktyabrın 18-də-Azərbaycanın müstəqilliyi günündə yeni körpünün təməlqoyması baş tutub. 2018-ci ilin fevral ayından isə tikintiyə hazırlıq işlərinə başlanılıb, istehsalat bazası yaradılıb, müvəqqəti olaraq tikinti sahəsinə yanaşma yolu çəkilib.

Artıq  yeni körpünün 1-ci dayağının tikintisi başa çatıb və diğər tikinti işləri davam etdirilir. 6 dayaqdan ibarət olacaq qövsvari körpü Qusar rayonunda,  Azərbaycan - Rusiya sərhədində yerləşən Samur çayı üzərində tikilir və eni 17,3, uzunluğu 325 metr nəzərdə tutulub.

Köhnə körpü qəzalı və istismar müddətini başa vurduğundan yeni körpüyə ciddi ehtiyac vardı. Yeni körpü istifadəyə veriləndən sonra Azərbaycandan Rusiyaya və əks istiqamətdən ölkəmizə keçidin vəziyyəti daha da yaxşılaşacaq. Nəqliyyat vasitələrinin manesiz və növbələrsiz gedib gəlməsi təmin olunacaq.

Dünya startlarına cavab verəcək yeni Samur körpüsünün istifadəyə veriləcəyi tarix hələ açıqlanmır. İstiPress-in əldə etdiyi məlumatları Qusar icra hakimiyyəti başçısının 1-ci müavini Şahid Fərəməzov təsdiqləyib.