Fermerlərin çox ciddi su problemi gündəmdədir

04 May, 2020 17:20 | İqtisadiyyat | Baxış sayı: 161

Dağlarda qar qeyri-sabit hava şəraiti səbəbindən hələ ərimədiyindən çatışmazlıq yaranıb

Şimal bölgəsinin bütün rayonlarında olduğu kimi Xaçmaz rayonunda da fermerlər ciddi suvarma suyu problemilə qarşılaşıblar.

İstiPress-in şimal bürosuna rayonun Arzu, Hacıəlibəy, Ağyazı Buduq, Bayoba və Yergüc kəndlərinin sakinləri bu barədə  məlumat veriblər.

Onların sözlərinə görə, yaz tarla işlərinin ən qızğın vaxtında suvarma suyu qəhətə çıxıb. Tərəvəz, əkin sahələri hələ yay gəlməsə də suvarma suyu olmaması səbəbindən indidən yanıb tələf olur. Fermerlərin sözlərinə görə, xeyli xərc bahasına başa gələn meyvə ağacları da susuzluğa tab gətirmir.

Sakinləri narahat edən suvarma suyu probleminə Xaçmaz İH başçısının müavini Bəxtiyar Osmanov aydınlıq gətirib. Onun fikrincə, bölgədə ciddi suvarma suyu yaşanmasına səbəb quraqlıqdır: "Samur çayında su çox azdır. Olan cüzi su Samur-Abşeron kanalı vasitəsilə Bakıya-Ceyranbatan su anbarına ötürülür. Dağlarda qar qeyri-sabit hava şəraiti səbəbindən hələ ərimədiyindən bölgə çaylarında çaylar susuz qalıb."

Bəxtiyar Osmanov bildirdi ki, rayon İH başçısı Elnur Rzayev bu məsələni xüsisi diqqətdə saxlayır. Mütəmadi olaraq mərkəzi aidiyyatı qurumlara bu məlumat verilir və suyun rayonlar üzrə düzgün bölünməsinə nəzarət edir. Məlumat üçün deyək ki, Xaçmaz rayonunda 50 min 286 hektar suvarılan sahə var və su çatışmazlığı səbəbindən indiyədək rayonda cəmi 9000 hektar sahə suvarılıb.