"Əgər bu layihələr olmasaydı, Bakıda tıxacdan tərpənmək olmazdı"

04 Aprel, 2020 09:32 | İqtisadiyyat | Baxış sayı: 77
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident koronavirusla mübarizədən sonra iqtisadi fəallığın bərpa olacağını dyeib

"Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək". 

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olarkən belə deyib. 

Dövlət başçısı qeyd edib ki, son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilib. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda tıxacdan tərpənmək mümkün deyildi.

"Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur".

İ.Əliyev deyib ki, yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir."Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi".