"Kitayiski" virus nefti də vurdu

04 Fevral, 2020 10:09 | İqtisadiyyat | Baxış sayı: 72
Neft
Neft

"Qara qızıl" son bir ildə ilk dəfə 50 dollar civarına kimi düşüb

Çində yayaılan koronovirus təhlükəsi fonunda neftin qiyməti rekord həddə ucuzlaşıb. Son məlumata görə, London birjalarında "Brent" markalı neftin bir bareli 4,9 faiz qiymət itirib və 53,98 dollar/barel olub.Son dəfə "Brent" markalı neftin qiyməti 54 dollardan/barel aşağı ötən il yanvarın 3-ü olub.

“Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,44 dollara satılır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,29 ABŞ dolları, yaxud 3,69% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,86 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ümumiyətlə yanvar ayında dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. OPEC və qeyri-OPEC ölkələrin Birgə Texniki Komitəsi (JTC) Çində yayılan koronavirusun neft tələbatına təsirini qiymətləndirmək üçün fevralın 4-5-də Vyanada toplantı keçirməyi planlaşdırır.