Azərbaycan yağı İrəvanda təşviş yaratdı

04 Yanvar, 2019 19:59 | İqtisadiyyat | Baxış sayı: 334
İrəvanda supermarket
İrəvanda supermarket

Sosial şəbəkələrin erməni seqmentində böyük həyəcan

Sosial şəbəkələrin erməni seqmentində Azərbaycandan gətirilmiş kərə yağının İrəvanda satılması haqqında məlumat fəal şəkildə yayılmaqdadır.

İstiPress-in məlumatına görə, vətəndaş cəmiyyətinin fəalı Sona Agekyan yazır: “Yeni il sürprizi. Bəli-bəli, Ermənistan paytaxtının dükanlarının piştaxtalarında “qardaş Azərbaycan”ın yüksək keyfiyyətli kərə yağını almaq olar. Lakin təəssüflə deməliyəm ki, əslində bu spreddir və məncə, ermənilər üçün zərərlidir”.

Sübut kimi qadın məhsulu videoya çəkib və şəkillərini paylaşıb. Bu materiallara görə, “Moskovskoye” adlı yağ Azərbaycanın “Farmer” şirkəti tərəfindən qablaşdırılıb.

Sona adlı qadının yazısına Ermənistan Milli Elmlər Akademiyasının (MEA) Ekoloji-Noosfer Tədqiqatları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi departamentinin rəhbəri David Pipoyan cavab verib. O bildirib ki, İrəvanın bir çox mağazalarını gəzib, lakin heç bir yerdə bu yağa rast gəlməyib.

“Dekabrın 30-da biz mağazaları gəzdik. Heç bir yerdə bu cür qablaşdırmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən mağazalarda da belə yağ yox idi”, - Pipoyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

O əlavə edib ki, məsələ ilə əlaqədar dövlət orqanlarına müraciət ünvanlayıb.

Xatırladaq ki, bu, Azərbaycan məhsullarının Ermənistanda təşvişə səbəb olduğu ilk hal deyil. Daha öncə Ermənistandakı mağazalarda Azərbaycan çayı və almalarına rast gəlinmişdi.