Ermənistandan Rusiyaya qarşı yeni ittihamlar

04 Yanvar, 2018 19:35 | İqtisadiyyat | Baxış sayı: 393
Tank yanacağı - aprel döyüşlərinə qədər erməni generallar bundan da pul çıxarırıdı
Tank yanacağı - aprel döyüşlərinə qədər erməni generallar bundan da pul çıxarırıdı

İrəvanın Avrasiya İttifaqına bağladığı ümidlər puç oldu

Ermənistanda Rusiya istehsalı olan benzin Gürcüstanla müqayisədə 40 faiz baha satılır ki, erməni ekspertlər bu məsələdə əsas günahın Moskvada olduğunu düşünürlər.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın ermənipərəst analitika portalı “Regnum”da bildirilir. Məqalədə “benzin-price.ru” portalına istinadən bildirilir ki, Ermənistanla birlikdlə Avrasiya İttifaqına daxil olan  Rusiya ilə müqayisədə isə benzin iki dəfə bahadır. Məsələn, Moskvada benzinin litri 43 sentdən satıldığı halda, Ermənistanda bu, 81 sent ətrafında dəyişib.

“Regnum”un yazdığına görə, Ermənistanda kütləvi olaraq benzindən imtina başlayıb - avtomobil sahibləri qaza keçirilər. Gürcüstanla sərhəd rayonlarda isə avtombil sahibləri yanacaq doldurmaq üçün Gürcüstana keçirlər.     

“Gürcüstana Rusiya neftinin idxalı zamanı gömrük rüsumu ödənildiyi  halda, Ermənistan Avrasiya İttifaqının üzvü kimi bunu etmir”,- deyə portal qiymətin bahalılığına səbəb axtarmağa çalışır. Və tapır. Sən demə  2013-cü ildə Serc Sarkisyan və Vladimir Putin anlaşıblar ki, Ermənistan benzini yalnız Rusiyanın “Rosneft” şirkətindən alacaqlar.

“Onda Ermənistana benzin Bolqarıstan və Rumıniyadan idxal edilirdi və qiymətlər qonşu Gürcüstanınkı ilə eynidir”,- deyə məqalədə erməni ekspertlərə istinadən bildirilir.

Yəni ermənilər ölkələrində müşahidə edilən  bahalılıqla bağlı Rusiyanı ittiham etməyə yeni səbəb əldə ediblər. Halbuki, bunun əsas səbəbini öz ölkələrində axtarsalar daha doğru olardı. Məsələ bundadır ki, qiymət fərqindən əldə edilən vəsaitlər aksiz vergisi kimi Ermənistanın dövlət büdcəsinə ödənilir. Artıq 2015-ci ildən başlayaraq “Rosneft” Ermənistan büdcəsinin ən iri vergi ödəyicilərindəndir. Yəni Ermənistan rəhbərliyi “Rosneft”dən öz vətəndaşlarından daha çox vergi qoparmaq üçün vasitə kimi istifadə edir.