FHN Mingəçevirdəki qəza ilə bağlı rəsmi açıqlama yaydı

03 İyul, 2018 17:19 | İqtisadiyyat | Baxış sayı: 212

Fövqəladə Hallar Nazirliyi (FHN) “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb.

İstiPress-ə FHN-dən bildiriblər ki, iyulun 3-də saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış baş verib. Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib.

Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundaki yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.