Neft bu gün hamını sevindirdi

03 Aprel, 2020 12:13 | İqtisadiyyat | Baxış sayı: 146
Neft
Neft

"Brent"in qiyməti 30 dollar keçib

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 30 dolları keçib. Kəskin ucuzlaşmadan sonra qeydə alınan bahalaşmaya səbəb neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşünün keçiriləcəyinin açıqlanmasıdır. Görüşdə qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçiriləcək.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 30,43 dollaradır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 24,85 dollara satılır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.

Azərbaycan neftinin qiyməti də  19 il əvvəlki antirekorddan sonra qalxıb. Ötən gün “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,90 dollar ucuzlaşaraq 16,53 dollar təşkil edib. Bu gün isə neftimizin qiyməti 3,71 ABŞ dolları, yaxud 22,44% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 20,24 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.