Bu da Türkiyəyə gedəcək qatarlarımız - prezident özü yoxladı FOTOLAR, YENİLƏNİB II

03 Aprel, 2019 12:45 | İqtisadiyyat | Baxış sayı: 493
Prezident qatarda
Prezident qatarda

Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarları  “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarətdir. Qatar Türkiyə və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb.

Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

Saat 11:45

Prezident İlham Əliyev Bakı-Tiflis-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Qatarlarla tanışlıq mərasimi bu gün baş tutub. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.

Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Lahiyənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirməkdir. Dəmiryolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.