Devalvasiyadan sonra bağlanan “exchange”lər geri qayıdır

03 Yanvar, 2018 09:20 | İqtisadiyyat | Baxış sayı: 300
Valyutadəyişmə məntəqəsi
Valyutadəyişmə məntəqəsi

500 dollardan çox pul satmaq üçün....

Bir neçə il öncə bağlanan valyutadəyişmə məntəqələri geri qayıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib. Bu qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Qaydalara əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla müəyyən olunacaq.

Bundan başqa, valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər. Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır. Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Məntəqədə nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.

Yeni qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarından birinin tək formada aparılmasına yol verilə bilməz.

Xatırladaq ki, Azərbaycanda devalvasiyadan sonra başlayan valyuta böhranı zamanı “exchange”lərin fəaliyyətin qadağa qoyulub. Nəticədə ölkə üzrə minlərlə valyuta dəyişmə məntəqəsi bağlanıb. Ötən il parlament valyuta mübadiləsini tənzilməyən yeni qanuni qəbul edib və bu qanun “exchange”lərin yenidən fəaliyyətə başlamasına imkan yaradır, amma daha sərt qaydalar çərçivəsində və iri məbləğdə lisenziya haqqı ödəməklə. Belə ki, valyuta dəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı , 50 min dollar və 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidir.