Səfir xanımının çox xoşladığı Azərbaycan neməti

02 Dekabr, 2019 19:25 | İqtisadiyyat | Baxış sayı: 263

Hindistan səfiri Qubada olub

Belarus səfiri Axmaroviçdən sonra Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitunqun da bu gün Quba rayonuna səfər edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, əvvəlcə Quba İH-da qarşılanan səfirə rayon haqda geniş məlumat verilib. Sonra hind diplomat Quba şəhərilə tanışlığa başlayıb.

Günün birinci yarısında Vanlalvavna Bavitunqun şəhərdəki "ASAN həyat" kompleksinə, "Qubaekoaqrar" MMC kənd təsərrüfatı məhsullarının istehsalı zavoduna baş çəkib. Gördükləri, xüsusən "ASAN həyat" kompleksi  Hindistan səfirini çox maraqlandırıb və öz ölkəsində də belə müasir xidmət kompleksi görməyi arzu edib.

Səfirin xanımının isə ən çox xoşu "Qubaekoaqrar" müəssisəsində balqabaq mürəbbəsi gəlib. Mürəbbənin dadına baxan xanım onun çox  ləzzətli olduğunu deyib. Azərbaycanın balqabaq mürəbbəsi hind səfirinin xanımına hədiyyə də edilib.

Vanlalvavna Bavitunqun daha sonra "Qədim Quba" xalçaçılıq müəssisəsində və "ABAD factory" istehsalat müəssisəsində də olub. Günün ikinci yarısında isə hind diplomat Qubanın dağ yəhudilərinin sıx yaşadığı Qırmızı qəsəbəyə gedib, yerli əhali ilə görüşüb və sineqoqa baş çəkib. Hindistan səfirini rayonla tanışlıqda ih başçısının müavini Səidə Abasova müşayiət edib.