SOCAR neftçiləri dənizdən çıxarmağa başladı - havaya görə

02 Noyabr, 2019 12:35 | İqtisadiyyat | Baxış sayı: 84
Dəniz neftçiləri
Dəniz neftçiləri

Havanın kəskinləşməsinə görə açıq havada işlər məhdudlaşdırılıb

Noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

SOCAR-dan verilən məlumata görə, hazırda 150-ə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən güclü küləklə bağlı xəbərdarlıq edib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 metr/saniyə təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.