Bu gündən pensiyalar artırılır

01 Oktyabr, 2019 08:39 | İqtisadiyyat | Baxış sayı: 127
Pensiya
Pensiya

Artım 660 min nəfər pensiyaçını əhatə edəcək

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği sabahdan, oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır. Minimum məbləğin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.

Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq.  Bu da  sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.