Azərbaycanın rayon şəhərində göydələnlər ucalacaq

01 İyun, 2018 18:59 | İqtisadiyyat | Baxış sayı: 352
Quba
Quba

Quba şəhərində SMU-12 adlanan ərazidə yeni, müasir 7 mərtəbəli binalar inşa olunacaq. İnşa olunacaq binaların sayı təxminən 9 olacaq.

İstiPress-in şimal bürosuna Quba icra hakimiyyətindən verilən məlumata görə, şəhərin bu massivində 32  yaşayış evi və vətəndaşlara məxsus bir neçə özəl obyekt yerləşir. Həmin vətəndaşların tikinti təşkilatı və İH nümayəndələrilə görüşü keçirilib, onlara mövcud vəziyyət izah olunub.

Bildirilb ki, turist rayonu kimi getdikcə inkişaf edən Qubanın rayon mərkəzində belə çoxmənzilli binalara ehtiyac çoxdur və burada yaşayan əhali heç nədə uduzmayacaq. Belə ki, sifarişçi təşkilat burada evi və obyekti olan bütün sakinlərlə müqavilə imzalayıb. Müqaviləyə əsasən, tikiləcək 1-ci binada hər sakinə 20 faiz də əlavə olunmaqla əvvəlki evləri həcmində mənzillər veriləcək. Hazırda evlərini boşaldıb müvəqqəti olaraq kirayə evlərdə yaşayacaq sakinlərə 18 ay müddətində kirayə haqqını da sifarişçi təşkilat ödəyəcək.

Obyekti olan vətəndaşlar da diqqətdən kənarda qalmayıb. Onlara da tikiləcək 1-ci 7 mərtəbəli binanın 1-ci mərtəbəsində - qeyri yaşayış sahəsində normal vəziyyətdə - bütün kommunikasiya xətləri yerində olmaqla hazır otaqlar veriləcək. Otaqların dizaynerini və hansı sahə üzrə formalaşacağını isə vətəndaşın özü nizamlayacaq.

Qubada çox sayda çoxmənzilli binaların inşasına birbaşa rayonun icra başçısı Ziyəddin Əliyev nəzarət edir. O, evlərin inşası zamanı buradan köçürülən ev və obyekt sahiblərinin hüquqlarının qəti pozulmayacağına və onların rahatlığının təmin ediləyəcəyinə vəd verib. Vətəndaşlarla bağlanılmış müqavilələr notarial qaydada təsdiqlənib.

Artıq ərazidə söküntü işlərinə start verilib. Aidiyyatı mərkəzi qurumların texniki rəyindən sonra Quba şəhərində yaxın günlərdə 7 mərtəbəli binaların təməli qoyulacaq.

Tezliklə Qubada turist əlindən heç tərpənmək olmayacaq. Yeni binalarda həm yerli sakinləri, həm də rayonun qonaqlarını görmək olacaq.