"Qarabağ" tarix yazdı - 2,92 milyon avro mükafat alacaq

30 Avqust, 2019 08:14 | İdman | Baxış sayı: 117
"Qarabağ" komandası
"Qarabağ" komandası

Ağdam təmsilçisi Bakıda "Linfild"i məğlub edib

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edən “Qarabağ” komandası növbəti tarix yazıb. Səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi Bakıdakı qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib və Avropa Liqasının qrup mərhələsinə çıxıb.

Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb: 1-0. "Qarabağ" 89-cu dəqiqədə hesabı artırıb. Abdulla Zubir komandasının ikinci qoluna imza atıb: 2-0. Rəqib komandanın oyunçusu Şayn Lavri hesab arasındakı fərqi azaldıb: 2- 1. Amma nəticə sona kimi dəyişməyib.

Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro mükafat da əldə edib. UEFA analoji uğura imza atan bütün komandalara eyni məbləğdə pul verəcək.

UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro bölüşdürülüb və hər bir kluba 5 milyon avro çatıb.

Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.