Bu gün Bakıda “Linfild” qəbul ediləcək
“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək. Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, adıçəkilən komandalar ötən həftə Belfastda qarşılaşıblar. Oyun 3:2 meydan sahiblərinin qələbəsi ilə bitib.
“Qarabağ” ilk görüşdə uduzsa da, səfərdə vurulan 2 qolu üstünlük saymaq olar. Ağdam təmsilçisi 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Bu baş verərsə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanmış olacaq.